Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 1 saylı dolayının ərazisində narkotik xassəli çətənə bitkisinin əkilməsi faktı aşkar edilib. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qoruğun mühafizə yegeri tərəfindən aşkar olunan bu fakt barədə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.
Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən aprelin 11-də əraziyə baxış keçirilən zaman sahəsi 1m2 olan 1 ədəd parnik və müxtəlif ölçülü qablarda uzunluğu 2-10 sm olan 130 ədəd narkotik maddəli bitki olması ehtimal edilən şitillər müəyyən edilib. Sahəyə foto-tələlər yerləşdirilərək ərazi nəzarətə götürülüb. Növbəti gün əraziyə yenidən baxış keçirən Qoruq əməkdaşları bir nəfər naməlum şəxsin sahədən uzaqlaşdığını müşahidə edib və bu barədə dərhal Balakən rayon polis idarəsinə məlumat verilib. Eyni zamanda sahəyə yerləşdirilmiş fototələlər vasitəsilə əldə olunmuş görüntülər polis əməkdaşlarına çatdırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qismində Balakən rayon Mazımqara kənd sakini Məhəmməd Balzalov yaxalanıb. Faktla bağlı istintaq tədbirləri aparılır.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.