Ermənistanın Azərbaycanda əsir və girovluqda olduğunu iddia etdiyi 25 nəfər Ermənistanda, 2 nəfər isə Gürcüstanda aşkarlanıb
“Dövlət Komissiyasının səyləri nəticəsində 2004-2012-ci illər ərzində əsir və girov götürülmüş 22 nəfər BQXK-nın vasitəçiliyi ilə azad edilib”.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclasda Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib. Şahin Sayılov deyib ki, aparılmış araşdırmaların nəticəsi olaraq adları 2004-cü ilə qədər Dövlət Komissiyasının siyahısına düşməmiş 54 nəfərin əsir və girov götürülməsi və azad edilməsi faktı müəyyən edilərək qeydiyyata alınıb. Bu müddətdə həmçinin Azərbaycan ərazisində saxlanılmış 21 erməni və 1 meyit də qarşı tərəfə qaytarılıb. Onun sözlərinə görə, Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe ilə bağlı münaqişənin həllinin uzanması, eyni zamanda, Ermənistan hərbçilərinin mütəmadi şəkildə atəşkəsi pozması nəticəsində Azərbaycan hərbçilərinin və mülki şəxslərin, o cümlədən uşaqların həlak olması halları davam edir. Komissiya 2004-cü ildən ötən müddət ərzində həlak olaraq düşmən nəzarətində qalmış 3 hərbçinin və 2 mülki şəxsin meyitini alaraq yaxınlarına təhvil verib.
Şahin Sayılov qeyd edib ki, böyük ictimai rezonans doğurmuş hadisə 2010-cu ilin yayında Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimizin meyitlərinin uzun müddət Ermənistan tərəfindən qaytarılmaması olub. Onlara qarşı qeyri-insani hərəkətlərə yol verilməsi isə daha çox narahatlıq yaradıb. Bu hadisələr baş verən andan məsələ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olub. Şəhid hərbçilərimiz – Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin alınması ilə bağlı dövlət başçısı tərəfindən bütün göstəriş və tapşırıqlar verilib. Beləliklə, Həştərxan bəyannaməsinə uyğun olaraq, eyni zamanda Dövlət Komissiyasının və beynəlxalq təşkilatların birgə səyləri, aparılan müntəzəm danışıqların nəticəsində 2010-cu ilin noyabr ayının 6-da şəhid hərbçilərimizin meyitləri Ermənistandan alınaraq cənab Prezidentin göstərişi ilə Bakı şəhərindəki ikinci şəhidlər xiyabanında dəfn olunublar.
Dövlət Komissiyasının katibi onu da nəzərə çatdırıb ki, humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikasının Dövlət Komissiyası itkin düşdüyü bildirilən və BQXK tərəfindən siyahısı təqdim olunan 416 erməninin də axtarışını diqqət mərkəzində saxlayır. Bu şəxslərdən 211 nəfəri Dağlıq Qarabağ bölgəsində yaşamış Azərbaycan Respublikasının vətəndaşları olub. Araşdırmalar zamanı onlardan 27 nəfərinin ümumiyyətlə, münaqişəyə aid olmadığı və hərbi əməliyyatların getdiyi Azərbaycan Respublikasının ərazisində itkin düşmədiyi, 25 nəfər Ermənistanda, 2 nəfər isə Gürcüstanda aşkarlanıb.