Bu gün Bakı Apelyasiya Məhkəməsində dostuna qarşı dələduzluq etməkdə ittiham olunan Füzuli rayon sakini Təyyar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az- məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, bəraət hökmü ləğv edilib və Təyyar Məmmədovun barəsində ittiham hökmü çıxarılıb. Hökmə əsasən, Təyyar Məmmədovun barəsində 4 min manat cərimə cəzası təyin edilib.
Qeyd edək ki, Təyyar Məmmədov Həsən adlı dostundan 4500 manat borca pul alıb və sonra pulu olmadığını əsas gətirərək borcu qaytarmaqdan imtina edib. O, qardaşına məxsus torpaq sahəsinin sənədlərini saxtalaşdıraraq girov əvəzi Həsənə verib və ondan borcunu qaytara bilməsi üçün vaxt istəyib.
Bir müddət Həsəni bu yolla aldatmağı bacaran Təyyar Məmmədov sonda ölkəni tərk edərək Rusiyaya qaçıb. Həsən adlı şəxs daha sonra Binəqədi rayon Polis İdarəsinə müraciət edib və məsələ ilə bağlı hüquqi araşdırma başlanılıb.