DİN rəhbərliyi 7 min şəxsi qəbul edib
02 iyul 2016 12:54 (UTC +04:00)

DİN rəhbərliyi 7 min şəxsi qəbul edib

“Ötən dövrdə daxili işlər orqanları və Daxili Qoşunlar üçün 395 sosial obyekt tikilib, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılıb, nəqliyyat parkı tam yenilənib, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlib”. Lent.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan polisinin yaranmasının ildönümü ilə bağlı keçirilmiş tədbirdə daxili işlər naziri Ramil Usubov bildirib. Nazir əlavə edib ki, geridə qalan dövrdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Milli Fəaliyyət Proqramlarına müvafiq olaraq, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, cinayətlərin dəqiq uçotunun aparılması məqsədilə 2007-ci ildə «102» Xidməti - Zəng Mərkəzi Sistemi yaradılıb: “İstifadəyə verilmiş «102», «902» və «1002» qaynar xətləri, veb-sayt və elektron poçt ünvanı daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllinə, bütövlükdə fəaliyyətin insan meyarı kimi ali prinsip üzərində qurulmasına xidmət edir. Hüquq qaydasına riayət edilməsinə nəzarətin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə «Təhlükəsiz Şəhər» Avtomatik İdarəetmə sistemi yaradılıb. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asyişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-dan çox informasiya sistemi istismara verilib.

 

Nazir qeyd edib ki, təkcə 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın şəxs qəbul edilib: “Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Bütövlükdə cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib. Müasir dövrün çağırış və təhdidləri cinayətkarlığa qarşı mübarizədə davamlı təkmilləşmə, yeni və daha səmərəli formaların tətbiqini tələb etdiyindən, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması prosesinin daimi əsaslarla həyata keçirildiyi də qeyd olunub. BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdiyi müxtəlif forum və müşavirələrdə son 13 ildə 8 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarca gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar