Deputatın evi əlindən alınır?
Deputat Rafael Cəbrayılov evinin və ofisinin "Nikoil Bank" tərəfindən əlindən alınacağı haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib. O, Modern.az saytına açıqlamasında bu iddiaların əsassız olduğu bildirib.
“Bunlar tamamilə əsassız iddialardır. Bunun mənə heç bir aidiyyəti yoxdur. Mən dəfələrə bu barədə məlumat vermişəm. Bu məsələyə yenidən qayıdıb açıqlama vermək hesab edirəm ki, lüzumsuzdur”, - deyə R.Cəbrayılov vurğulayıb.
Qeyd edək ki, virtualaz.org saytının ötən gün dərc etdiyi məlumatda "Nikoil Bank"ın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsinə dair işin Ali Məhkəmədə olduğu bildirilib. Vurğulanıb ki, məhkəmə həmin iddianı qismən təmin edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.
İddia onunla əsaslandırılıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.
Deputat isə açıqlamasında qardaşlarının bizneslə məşğul olduğunu deyərək bank ödənişlərinin verilməsində gecikmələrin olmadığını deyib: “Bu hadisə noyabr ayında olmuşdu. Mənim qardaşlarım böyük bizneslə məşğuldurlar. Onların tikdiyi layihənin yüz milyona yaxın qiyməti var. Yüz milyona yaxın işdə milyon yarım borcun olması normal hal deyil? Bu məsələni heç kim boş niyyətlə eləmir. Bu biznesin başında oturan mənim iki qardaşımdır. Mən varam deyə bu insanlar bizneslə məşğul olmamalıdırlar? Bankdan normal qaydada kredit götürüblər. Qərəzli məlumatı yayanlar kimdirlərsə xoş niyyətlə eləmirlər. Mənim iki qardaşım təxminən 40 yaşları olan insanlardır. Onların bizneslərinin 100 milyona yaxın dəyəri var. Bu məbləğin içində 824 min nədir ki? Bunun mənə nə aidiyyatı var?”.
1958