Milli Məclisin deputatı Çingiz Qənizadə ilə Binəqədi rayon su kanal idarəsinin rəisi arasında münaqişə olub. Müstəqil İnformasiya Agentliyinin (mia.az) məlumatına görə, deputatla idarə rəisi arasındakı münaqişə əlbəyağa dava ilə nəticələnib.
Bu barədə mia.az saytını bilgiləndirən şəxsin sözlərinə görə, deputat Binəqədi rayon Koroğlu küçəsində evinə gedərkən yolun dağılmasına etiraz edib. Bu zaman ərazidə olan idarə rəisi Ç.Qənizadəyə kobud cavab verib. Nəticədə idarə rəisi ilə deputat arasında dava düşüb. Verilən məlumata görə, Ç.Qənizadə idarə rəisini döyüb.
Hadisə Binəqədi rayon icra hakimiyyətinin binasının yaxınlığında baş verib. Bu səbəbədən də qısa müddətdə olay yerinə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da gəlib. Deputatın idarə rəisini döyməsinə baxmayaraq, icra başçısının təkidi ilə millət vəkilindən üzr istənilib.
Ç.Qənizadə musavat.com-a açıqlamasında xəbəri təkzib etdi. Bildirdi ki, yaşadığı binanın həyətində qazıntı işləri aparılarkən bir qədər səliqəsizliyə yol verilib və qonşularla bir yerdə buna öz narazılığını bildirib: "Qazıntını aparanlardan biri bizə adekvat cavab vermədi. Amma orada heç bir dava olmadı, mən də heç kimi döymədim. Yazılanların hamısı cəfəngiyyat və həqiqətdən uzaqdır".
musavat.com