Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən R. Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rafiq Hüseynov 2011-ci ildə həbs edilib. Belə ki, 2013-cü il aprelin 18-də Rafiq Hüseynova, qardaşı Ramiz Hüseynova , Təhsil Nazirliyi maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimova, “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O. Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.
Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunublar.
Bu gün R. Hüseynova cəza təyin edilən zaman onun əvvəlki cəzası ilə yeni cəzası birləşdirilərək qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.