Müdafiə Nazirliyi tərəfindən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Zakir Həsənov və Nazirliyin rəhbərliyi inşa edilən qərargah, əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Açılışda çıxış edən Z.Həsənov bildirib ki, bu gün Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafı ciddi nəzarətdədir : “Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi əsas və müqəddəs vəzifə dayanır. Silahlı Qüvvələrimiz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu sayda itkilər verir. İndiki mərhələdə düşmənin bütün ordusu ilə bizim ordumuzun yalnız kiçik bir qismi mübarizə aparır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, biz hər qarış torpağımıza görə sonadək vuruşacağıq”.
”Bundan sonra düşmənə qarşı daha ciddi tədbirlər görəcək, ona daha sarsıdıcı zərbələr endirəcəyik”, deyən Müdafiə Naziri belə halda düşmənin Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin gücünü daha çox hiss edəcəyini bildirib.
Z.Həsənovun sözlərinə görə, indi əsas məqsəd düşmənə sarsıdıcı zərbələr endirərək onu işğal olunmuş torpaqlarımızdan qovmaqdır : “ Biz bu işi bundan sonra daha da sərt şəkildə həyata keçirəcəyik. İşğalçılar torpaqlarımızı nə qədər tez tərk etməli olduqlarını anlasalar, itkiləri bir o qədər az olar. Düşmənlərimiz də bunu bilməli və anlamalıdırlar”.