Cəmil Həsənlinin qızı və maşınla xəsarət yetirdiyi qadın danışdı
03 oktyabr 2014 23:28 (UTC +04:00)

Cəmil Həsənlinin qızı və maşınla xəsarət yetirdiyi qadın danışdı

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı və onun maşınla xəsarət yetirdiyi bildirilən Ədilə Səlimova danışıb.

 

Günel Həsənli Azadlıq Radiosuna deyib ki, evləri «İlahiyyat» məscidinin yaxınlığındadır və həmin hadisə məscidə namaza gələnlərin gözü önündə, günorta saatlarında baş verib. G. Həsənlinin sözlərinə görə, həyətdə sıxlıq olduğundan avtomobili çox aşağı sürətlə sürürmüş. Bu zaman qarşısına bir qadın çıxıb:“Maşını saxladım. Mən düşənə qədər məscidə namaz qılmağa gələn adamlar onu qaldırdılar. Hadisə olarkən, post-patrul xidmətinin əməkdaşları da burda idilər. Yaşlı qadını o əməkdaşların biri ilə apardım xəstəxanaya. Qadın dedi ki, ayağımda sınıq üzə çıxsa, səndən şikayətçi olacağam. Olmasa, deyəcəyəm özüm yıxılmışam, qız da mənə kömək edib. Müayinə olundu. Mən də, polis də ordaydıq. Həkim dedi ki, səndə heç nə yoxdur, sadəcə, duzlaşma gedir. Dərman yazdı, alıb verdim. Qadını taksi ilə yola saldım. Önəmli bir şey olmadığından hamı dağılışdı”.G. Həsənli yalnız bir neçə gün sonra - sentyabrın 29-da onu da, zərərçəkən Adilə Səlimovanı da polis  bölməsinə çağırdıqlarına diqqət çəkir: “Qadın dedi ki, mənə 300 manat versəydin, bu iş buraya gəlməzdi. Mən soruşuram,  niyə pul verim? Deyir ki, pul versəydin, məni sürükləməzdilər... Qıraqdan deyirlər, o qızdan 2 min-3 min al, mənə 300 manat da yetər. Mən də dedim ki, iş hüquqi yolla həll olunsun, mən pul verə bilmərəm. İnzibati cərimə nədirsə, onu ödəyəcəyəm, axı ölən yox, xəsarət alan yox, sadəcə, maşına toxunub və yıxılıb. İşi Yasamal Baş Polis İdarəsinə göndərdilər, sənədlərimi aldılar, maşına baxış keçirdilər. Maşında heç nə yoxdur, cərimə meydançasına aparıblar”.

 

 

86 yaşlı Ədilə Səlimova isə olanları belə xatırlayıb:”Məscidin yanında idim. Dayandım ki, maşın keçsin, mən də keçim. Bir də gördüm, bu qız maşınla gəldi, tarr-rak... dəydi mənə. Arxasıüstə getdim, 86 yaşlı arvadam. Ağlım çıxdı başımdan. Oradakı adamlar qaldırdılar, dedilər ki, heç nə yoxdur, get. Dedim ki, məni maşına qoyub həkimə aparsın, görüm, ayağım sınıb, ya yox. Məcbur etdim onu. Götürdü apardı xəstəxanaya, həkim dedi ki, nənə, sınıq yoxdur, amma ayağın bərk əzilib. Bir dənə maz verdilər, sonra da sarıdılar. Qız da yalvarır ki, nənə, qurban olum, demə, məni bu vurub. De ki yazığı gəldi, məni həkimə gətirdi. Sonra da məni taksiylə yola saldı. Mənə 100 manat pul da verdi. Onun 27 manatını dərmana verdim, qalanını itirdim”.

İki-üç gün sonra Ədilə Səlimova polis bölməsinə aparıldığını və qəza barədə sorğu-suala çəkildiyini deyir. O da olanları danışdığını, 2-3 gün sonra yenidən avtomobillə bölməyə gətirildiyini bildirir: “Orda dedim ki, oğlum, məni vuran, yaman günə qoyan bu qız olub. Qolum-qıçım yaman gündədir, gömgöydür, bədənimi... – utanıram deməyə, ölsəm də demərəm. Məni xəstə edib yorğan-döşəyə salıb. Çörək almağa gedə bilmirəm. Baxanım da yoxdur. Oturmuşam burda”.

 

Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı aşardırma aparıldığını bildirib. 

 

Azadlıq Radiosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2931
avatar

Oxşar yazılar