Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi olub.
Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 24-ü saat 2.00 radələrində baş verib.
Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Nahidə Mirzəbala qızı Quliyeva, onun iki azyaşlı qızı - 2009-cu il təvəllüdlü Mədinə Məzahir qızı Quliyeva və 2011-ci il təvəllüdlü Nuray Məzahir qızı Quliyeva naməlum şəxs və ya şəxslər tərəfindən iti alətlə boğaz nahiyələrindən xəsarət yetirilməklə öldürülüblər. Qətldən sonra ev yandırılıb.
Qoşular və yanğınsöndürənlər Nahidə Quliyeva və Nuray Quliyevanın meyitlərini evdən çıxara bilsələr də, Mədinənin meyiti yanaraq tanınmaz vəziyyətə düşüb.
Qeyd edək ki, N. Quliyevanın həyat yoldaşı, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyev internet-kafe işlədir və hadisə baş verən vaxt işdə olub.
Cəlilabad Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisənin M. Quliyevin bacısının əri, Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində törətdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb.
Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb.