Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı növbəti dəfə məlumat yayıb. Lent.az-ın nazirliyə istinadən verdiyi məlumatda deyilir: "Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır".
*****
11:38
Bu gün səhər Azərbaycan-Ermənistan sərhədində 2 erməni hərbçi məhv edilib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin Berd rayonu ərazisində baş verib.
Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin leytenantı Karen Qalstyan və sıravi Artak Sarkisyan öldürülüb.
Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Erməni tərəfi itkilər verdiyini təsdiqləsə də, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun heç bir itki vermədiyini, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini açıqlayıb.