Cavad Heyət İkinci Fəxri Xiyabanda dəfn edilib. Lent.az-ın məlumatına görə, tanınmış alim vəsiyyətində Fəxri Xiyabanda dəfn edilməsini qeyd etsə də, o, İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
****
16:32
Görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah Cavad Heyətlə vida mərasimi keçirilib. Lent.az-ın əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Dairəvi zalında keçirilən vida mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Diaspor Məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət müşaviri Kamal Abdulla, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və başqaları iştirak edib.
Vida mərasimində AMEA-nın vitse-prezidenti İbrahim Quliyev Cavad Heyətin həyat və yaradıcılığı haqda qısa məlumat verdikdən sonra Xalq yazıçısı Anar mərhum haqda fikirlərini bölüşüb. O, Cavad Heyətin ölümünü böyük itki adlandırıb: “İtkimiz çox böyükdür. Azərbaycan böyük oğlunu, ziyalısını itirib. O, dünyanın ən motəbər cərrahı idi. Bununla belə, dilimizə xidməti də çox olub. Onun yeri hər zaman görünəcək. O, böyük irs qoyub getdi. Onun ardıcılları var, Allah ona qəni-qəni rəhmət eləsin”.
Sonra çıxış edən Diaspor Məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Cavad Heyət Azərbaycanın və azərbaycanlıların dünyada tanıdılmasında böyük xidmətlər göstərib: “Dünya azərbaycanlıları arasında onun böyük nüfuzu var idi. Həm alim, həm də cərrah kimi böyük hörmətə malik idi”.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da Cavad Heyət haqda fikirlərini bölüşüb: “Bu gün dünya azərbaycanlıları üçün ağır gündür, amma buna baxmyaraq həm də sevindiricidi. Sevindirici hal budur ki, Cavad Heyət müstəqil Azərbaycan cumhuriyyətini gördü, ona xidmət etdi. Şimal-cənub münasibətlərinin yumşalmasında, qurulmasında çox iş gördü. Müstəqil Azərbaycanın dünya miqyasında tanınmasında böyük rolu oldu. Ailə üzvləri onunla fəxr edə bilərlər”.
*****
15:02
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Dairəvi zalında görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah Cavad Heyətlə vida mərasimi keçirilir. Lent.az-ın əməkdaşının verdiyi xəbərə görə, mərasimdə dövlət xadimləri, İranın Azərbaycandakı səfirliyinin nümayəndələri, tibb və mədəniyyət işçiləri iştirak edir.
Mərhumun xanımı Fəridə Heyət Lent.az-a açıqlamasında bildirib ki, Cavad kimi insan hər bir ölkənin fəxridir: “Onun yoxluğu böyük itkidir, təkcə bizim ailə üçün yox, bütün Azərbaycan üçün itkidir. Bilirəm ki, vida mərasiminə gələn insanlar bizim ailənin keçirdiyi hissləri keçirir. Əziyyət çəkib gələn insanların hər birinə minnətdarlığımı bildirirəm”.
F.Heyət C.Heyətin dəfni ilə bağlı vəsiyyətinə də aydınlıq gətirib: “Vəsiyyəti həm Təbriz, həm də Bakı idi. Deyirdi əvvəl Təbriz, olmasa Bakı. Təbriz qismət olmadı, Bakıda dəfn olunacaq”.
*****
14:43
Görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah Cavad Heyətlə vida mərasiminə hazırlıq gedir. Lent.az-ın əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Dairəvi zalı artıq dolub, mərasim yaxın dəqiqələrdə başlayacaq.
Avqustun 12-də dünyasını dəyişən C.Heyət Fəxri Xiayabanda dəfn olunacaq.