APA-nın xəbərinə görə, hadisə rayonun M.Rəsulzadə qəsəbəsində qeydə alınıb. Binəqədi şosesi ilə şəhər istiqamətində hərəkət edən "Volkswagen" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə o, avtomobili yol ayrıcında olan işıqfora çırpıb. Baş verən qəzada sürücü xəsarət alıb.
Eyni zamanda işıqforun dirəyi aşaraq yararsız hala düşüb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları sürücünün içkili olub-olmamasını müəyyən etmək üçün onu şöbəyə aparıblar.
İlkin ehtimala görə, hadisəyə sürücünün avtomobili yüksək sürətlə idarəetməsi və yol hərəkət qaydalarını kobud şəkildə pozması səbəb olub. Faktı Binəqədi Rayon Yol Polisi Şöbəsi araşdırır.