“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2013-cü ildən həyata keçirdiyi “Mir Cəlal irsinin təbliği və öyrənilməsi” layihəsi çərçivəsində ədibin Gəncə şəhərində yerləşən Ev Muzeyinə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup tələbəsinin ekskursiyasını təşkil edib. Lent.az-ın məlumatına görə, görkəmli ədibin anadan olmasının 106-cı ildönümündə reallaşan tədbiri Mir Cəlal Paşayevin Ev Muzeyinin direktoru İradə İbayeva açıb.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir iştirakçılarına layihə haqqında məlumat verib.
Qeyd edək ki, layihənin məsləhətçisi İctimai Birliyin sədri Qənbər Şəmşiroğlu, rəhbəri isə Şəmşir Şəmşirlidir.
Daha sonra tədbirin aparıcısı – Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, dosent Ələmdar Cabbarlı görkəmli ədibin ədəbi və elmi yaradıcılığından, eyni zamanda pedaqoji fəaliyyətindən bəhs edib: “Mir Cəlal Paşayev Azərbaycan estetik fikrinin formalaşmasında mühüm rol oynayıb. Onun hekayələri, romanları, eləcə də “Füzulinin poetik xüsusiyyətləri”, “Azərbaycanda ədəbi məktəblər(1905-1917)” kimi elmi əsərləri ədəbiyyat və elm tariximizdə qiymətli mənbələr kimi hər zaman əhəmiyyətini saxlayacaq”.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim, şairə Xəzangül, BDU-nun tələbəsi Nihal Qüdrətli çıxış ediblər.
Sonda İ. İbayevaya İctimai Birlik adından diplom verilib, həmçinin görkəmli ədib haqqında hazırlanmış videoçarx və hekayələri əsasında qurulmuş səhnəciklər nümayiş etdirilib.