Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə səsləndirdiyi fikirlərə görə, ittiham edənlərə onun müavini Elçin Mirzəbəyli cavab verib. Lent.az-ın xəbərinə görə, partiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında E. Mirzəbəyli BAXCP sədrinə qarşı aparılan kampaniyanın böhtan və qarayaxmadan ibarət olduğunu bildirib:
“Bu adamlar ya qərəzdən, ya da özlərini nadanlığa qoymaqla məsələnin əsl mahiyyətini təhrif edirlər. Rus qoşunlarını Azərbaycana heç kim dəvət etməyib. BAXCP sədrinin partiyanın mətbuat xidmətinə verdiyi məlum müsahibədə regionda və dünyada baş verən proseslər, Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu günədək aparılan danışıqlar, göstərilən və göstərilməyən səylər təhlil olunub, ehtimallar irəli sürülüb. Qüdrət Həsənquliyev deyib ki, əgər Rusiya Azərbaycan torpaqlarının son qarışına kimi işğaldan azad edilməsinə təminat verərsə, bununla bağlı ölkəmizlə ikitərəfli müqavilə imzalayarsa və işğalçı qoşunların tamamilə geri çəkilməsi istiqamətində real addımlar atarsa, o zaman Azərbaycan dövlət müstəqilliyimizə xələl gətirilməməsi şərti ilə müəyyən güzəştlərə gedə bilər. Bu sırada qanun çərçivəsində Rusiyanın Azərbaycanda təxminən Qəbələ RLS kimi bir bazasının mövcud ola biləcəyini də ehtimal kimi irəli sürüb. Onsuz da son zamanlara kimi Azərbaycan ərazisində Rusiyanın hərbi bazası olan Qəbələ RLS fəaliyyətdə idi. Qəbələ RLS-in fəaliyyəti Konstitusiyanın tələblərinə və yaxud hər hansı digər iddialara görə deyil, icarə haqqında razılığın əldə olunmadığına görə fəaliyyətini dayandırıldı. Qəbələ RLS fəaliyyətdə olduğu dönəmdə indi ağzı köpüklənənlərin səsi belə çıxmırdı. Yalnız BAXCP israrlı şəkildə bəyan edirdi ki, əgər Rusiya Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində öz üzərinə real öhdəliklər götürməzsə o zaman Qəbələ RLS-in fəaliyyəti dayandırılmalıdır. Bu məsələdən istifadə edib Ərdoğan hakimiyyətinə yararlanmağa çalışanlar isə unudurlar ki, Türkiyənin özündə də xarici dövlətin – ABŞ-ın hərbi bazası var”.
E.Mirzəbəyli BAXCP sədrinə opponentlik etməyə çalışanları məntiqsiz iddialarla çıxış etməkdə günahlandırıb: “Bu adamlar irəli sürdüyü ittihamlarla yanaşı həm də bildirirlər ki, Rusiya bu şərtlərə heç vaxt getməz. Yaxşı, əgər hesab edirsinizsə Rusiyanın bu şərtlərlə razılaşması mümkün deyil o zaman bu aşırı əndişələrinizin səbəbi nədir? Getməyəcəksə, deməli getməyəcək. Belə olacağı təqdirdə də biz növbəti ehtimallarımızı irəli sürmüşük və bəyan etmişik ki, Azərbaycan peşəkar ordu quruculuğu prosesinə keçməli və əlverişli bir zamanda öz torpaqlarını azad etməyə hazır olmalıdır. Bəs siz nə deyirsiniz? Sizi Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması narahat edir, ya yox? Bəs indi Azərbaycan ərazilərində xarici dövlətin hərbi birləşmələri yoxdu? Var, həmdə işğalçı statusu ilə. Bizi aşağılayan, milli qürurumuzu alçaldan bir statusla. Bəs bu sizi əndişələndirmir? Məgər işğalla barışmaq işğaldan çıxış yolu kimi təkliflərlə çıxış etməkdən daha şərəflidi?”.
BAXCP sədrinin müavini Qərbin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir addım atmadığını, əksinə işğalçıya dolayısıyla dəstək verdiyini də xatırladıb: “ABŞ və digər Qərb ölkələri hətta bəyanatlarında belə Azərbaycana ədalətli münasibət bildirmirlər. Gürcüstana, Ukraynaya sözdə verdikləri dəstəyin 1 faizini belə Azərbaycana vermirlər. Hətta Rusiyanın əbədi idarəçiliyində olan Ermənistanın başını tumarlamaqdan, işğalı stimullaşdırmaqdan belə çəkinmirlər. Biz bu simasızlardan nə gözləməliyik? Bircə kəlmə ədalətli sözü, yanaşmanı Azərbaycana qıymayanlar bizim öz torpaqlarımızı azad etməyimizə dəstəkmi verəcəklər? Kimi aldadırsınız? Qərbin mövqeyi ortalıqdadı. Qərb Azərbaycanı öz Konstitusiyasına zidd olan və Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq addımlar atmağa məcbur edir. Qərb istəyir ki, Madrid prinsiplərinə uyğun olaraq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün orada referendum keçirilsin. Bu referendumun isə nəticəsi indidən bəllidir. Referendum Qarabağın işğalına hüquqi don geyindirəcək. Məgər bunu anlamaq bir o qədər çətindir?”