Azərbaycanda vətəndaşların əmlakını ələ keçirən şəxslər tutulub. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilən “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmələri və digər qanunsuz hərəkətlərə yol vermələri barədə cinayət işinin materiallarından İmişli rayon sakinləri Səbirulla Əliyev və Siyab Məmmədovun ayrı-ayrı şəxslərə qarşı dələduzluq etmələri faktı üzrə ayrılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Aparılmış istintaqla S. Əliyevin tanışı S. Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhər sakininin ona məxsus Mərdəkan qəsəbəsindəki bağ sahəsini digər şəxslərə satmasına razılıq verməsinə nail olmaqla 21 min 600 manat məbləğində pulunu ələ keçirməsində, «Fuad LTD» MMC-nin direktoru Qasım Məmmədovun etibarından sui-istifadə edərək əldə etdikləri 3 ədəd mənzilin guya özlərinə məxsus olması və aldatma yolu ilə digər şəxslərə satıb 86 min manat məbləğində özgənin küllü miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmələrində şübhələr üçün əsaslar olduğundan S.Əliyev və S.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.