“Korrupsiyaya qarşı Mübarizə İdarəsi hər növbəti ildə əvvəlki ilə nisbətən daha səmərəli fəaliyyət göstərməklə qurumun səlahiyyətlərinə aid edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsində, korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində, korrupsiya ilə bağlı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsində ildən-ilə daha uğurlu nəticələr əldə edib”. Lent.az-ın məlumatına görə, bunu baş prokurur Zakir Qaralov “Azərbaycan” qəzetində dərc edilən məqaləsində bildirib.
Onun sözlərinə görə, idarə tərəfindən 2005-ci ildə 35 şəxs barəsində 12 cinayət işinin, 2006-cı ildə 79 şəxs barəsində 39 cinayət işinin, 2007-ci ildə 69 şəxs barəsində 41 cinayət işinin, 2008-ci ildə 121 şəxs barəsində 70 cinayət işinin, 2009-cu ildə 176 şəxs barəsində 103 cinayət işinin, 2010-cu ildə 188 şəxs barəsində 104 cinayət işinin, 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işinin, 2012-ci ildə isə 298 şəxs barəsində 170 cinayət işinin (cəmi 8 ildə 1195 şəxs barəsində 681 cinayət işinin) istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
“2013-cü ilin doqquz ayı ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, 250 şəxs barəsində 137 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəməyə göndərilmiş bütün işlər mahiyyəti üzrə baxılaraq ittiham hökmləri çıxarılıb. İstintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması, istintaqı aparılan və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib”.
Baş prokuror onu da vurğulayıb ki, idarəyə respublikanın hüquq-mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı daxil olmuş 46 materialdan 34-ü üzrə cinayət işi başlanaraq istintaq aparılır: “Bu, əvvəlki illərdə olduğundan xeyli çoxdur. Belə ki, hüquq-mühafizə orqanlarından 2010-cu ildə daxil olmuş 14 materialdan 13-ü üzrə, 2011-ci ildə daxil olmuş 22 materialdan 19-u üzrə, 2012-ci ildə daxil olmuş 29 materialdan 27-si üzrə cinayət işi başlanıb, istintaq edilib. Məhkəməyə göndərilmiş cinayət işləri əsasən rüşvət vermə (aktiv rüşvətxorluq), rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olub”.
Z. Qaralovun sözlərinə görə, daxil olmuş müraciətlər üzrə yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində təkcə 2013-cü ilin doqquz ayı ərzində korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanaraq istintaq edilib.
“Daxil olmuş məlumatların araşdırılması prosesində aşkar olunan qanun pozuntularına qarşı preventiv tədbirlərin görülməsinə xüsusi diqqət yetirilib. Belə ki, daxil olmuş müraciətlərin, eləcə də kütləvi informasiya vasitələrində dərc edilən məlumatların ümumiləşdirilməsi son zamanlar çoxmənzilli yaşayış binalarının inşası və bu binalarda mənzillərin vətəndaşlara satılması prosesində kütləvi və ciddi qanun pozuntularına, o cümlədən dələduzluq hallarına yol verildiyi müəyyən olunduğundan preventiv xarakterli tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan işlərin davamı olaraq "Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə" təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib-deyə, baş prokuror əlavə edib.