Bu gün Bakı Apelyasiya Məhkəməsində Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Cahangir Yusubovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Cahangir Yusubovun apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Cahangir Yusubov 2013-cü ilin dekabr ayının 16-da gecə saatlarında kirayə yaşadığı mənzildə - Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 109 saylı evdə Rəhimə Yusubovanın (onların familiyası eyni olsa da qohum deyillər-red.) bıçaqla hədələyərək onun üzərinə hücum çəkib. Bıçağın tiyəsi ilə qadının başına və əllərinə xəsarət yetirərək ona məxsus “Nokia” markalı mobil telefonu quldurluq yolu ilə ələ keçirib.
Hadisənin ertəsi günü Ceyhun Yusubov Yasamal Polis İdarəsi 27-ci bölməsinin əməkdaşları tərəfindən həbs olunub.
Rəhimə Yusubova rəfiqəsi ilə birgə kirayədə yaşayıb. O, “Bugatti” barında ofisiant işləyib və pul müqabilində intim xidmət göstərib. Dekabrın 15-də, saat təxminən 22:30 radələrində Cahangir barda həmin qadınla tanış olub və 100 manat müqabilində intim əlaqədə olmaq üçün evinə aparıb. O, evində qadınla intim əlaqədə olandan sonra onu döyüb və pulunu alaraq evdən qovub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Yusubov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cahangir Yusubov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.