Azərbaycanda internet vasitəsilə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirləndirilən Fərid Hadiyev, Yaşar Ələkbərov, Nair İfraimov və Rinat İliç Aqarunovun birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayət ediblər. Lent.az-ın məlumatına görə, iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun icraatına verilib. İlkin baxış iclası mayın 18-nə təyin edilib.
Qeyd edək ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2014-cü ildə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Azərbaycan vətəndaşları F.Hadiyev, Y.Ələkbərov, N.İbrahimov, F.Bayramov, R.Aqarunov və Rusiya Federasiyasının vətəndaşı N.İfraimov şübhəli şəxs qismində tutulublar. Ötən ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində F.Hadıyev 10 il, Y.Ələkbərov və R.Aqarunov 9 il 6 ay, N.İbrahimov 6 il 6 ay, F.Bayramov və N.İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq.