Korrupsiyada ittiham olunan “Parabank” ASC-nin Nizami filialının vəzifəli şəxsləri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Parabank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla cəmiyyətin Nizami filialının kredit mütəxəssisləri Orxan Uğurluzadə və Toğrul Mirzəzadənin tanışları Əfqan Vəliyev və Seymur Abdullayevlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirməklə “Parabank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Toğrul Mirzəzadəyə həmin məcəllənin 178.3.2 və 313-cü, Seymur Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.