Bakının “20-ci sahə” adlanan ərazisində uçqun
27 fevral 2013 16:26 (UTC +04:00)

Bakının “20-ci sahə” adlanan ərazisində uçqun

Mütəxəssis: “Binə Ticarət Mərkəzinə gedən yol, Bibiheybət məscidindən tutmuş 20-ci sahəyə qədər ərazi uçqun riski olan ərazilərdir”


 

 

“Son günlər yağan yağışlardan sonra Bakıda “20-ci sahə” adlanan ərazisində uçqun qeydə alınıb”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Mirnuh İsmayılov verib.

 

Onun sözlərinə görə, uçqun təxminən iki gün əvvəl baş verib: “Ümumiyyətlə, Binə Ticarət Mərkəzinə gedən yol, Bibiheybət məscidindən tutmuş 20-ci sahəyə qədər ərazi uçqun riski olan ərazilərdir. Burada daha bir neçə ərazidə uçqun baş verə bilər. Bunun qarşısını almaq üçün təcili surətdə tədbir görmək lazımdır”.

 

M. İsmayılov deyib ki, Azərbaycanın bir sıra yollarında da uçqun təhlükəsi var: “İsmayıllı-Lahıc yolu çox təhlükəlidir. Bu yol əsasən gilli şistlərdən ibarətdir. Gilli şirstlər uçqun üçün münbit şərait deməkdir. Yardımlı yolunda da belə təhlükəli ərazilər var. Bakı- Şamaxı-Qəbələ yolu da təhlükəlidir. Ümumiyyətlə, Azərbaycanda yolların sürüşmə və uçquna görə qiymətləndirilməsi, risk və təhlükəlilik dərəcəsinin müəyyənləşdirilməsi lazımdır”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov isə APA-ya açıqlamasında deyib ki, uçqun ayın 25-də baş verib: “Uçqun kütləsi əhəngdaşılarıdır, bu əhəng daşları atmosfer yağıntılarının təsirindən aşınmaya məruz qalıb. Meylliliyin yüksək olması aşınmış materialların aşağıda yerləşən fərdi yaşayış evlərinin üzərinə gəlməsinə səbəb olub. Dünən biz hadisə yerində olmuşuq. O ərazidə yerləşən evlərin dam örtüklərinə ziyan dəyib. Dəymiş ziyan sakinlər tərəfindən aradan qaldırılır”.

 

S. Əmiraslanov deyib ki, əhəngdaşılarının ən maksimal ölçüsü 1 metrə qədər olub. Uçqun zamanı bu ölçüdə təxminən 10 belə əhəngdaşı tökülüb: “Bibiheybətdən Qurd qapısına qədər əhəngdaşılar yuxarıda qırılmış şəkildə qalıb. Buna görə də həmin daşların aşınaraq yer səthinə düşmə ehtimalı daha böyükdür. Artıq Fövqəladə Hallar Nazirliyi ilə birgə bu daşları zərərsizləşdirmək üçün Azərbaycan Nazirlər Kabinetinə arayış təqdim olunub”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465
avatar

Oxşar yazılar