Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyin mütəxəssisləri tərəfindən Bakı şəhərinin Badamdar qəsəbəsindəki sürüşmə zonasında tədqiqat işləri davam etdirilir. Bu barədə APA-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib ki, nazirlik tərəfindən 4 geofiziki profil üzrə 75 fiziki nöqtədə ekoloji tərkibi öyrənmək məqsədilə tədqiqatlar aparılıb və geoloji çəkiliş qurulub.
Onun sözlərinə görə, sürüşmə zonasının geoloji modeli hazırdır: “Sürüşmə müstəvisi təyin olunub. Belə ki, ərazidə sürüşmə müstəvisinin dərinliyi 3 metrdən keçir. Qazma işləri isə davam etdirilir. Yamac boyu 9 ədəd quyu qazılıb. Bunlardan 3-ü sürüşmənin qarşısında, 3-ü sürüşmə kütləsinin üzərində, 3-ü isə sürüşmənin bir hissəsində qazılıb. Götürülmüş süxur nümunələr laboratoriyaya təqdim olunaraq cavablar alınıb. Hazırda bütün materiallar, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi tərəfindən yamacda aparılan tədqiqat işlərinin nəticələri “Azərinşaat” Layihə İnstitutuna təqdim edilib. İlkin olaraq həmin materiallar əsasında yamacın dayanıqlığını təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb”.
B. Qaralov qeyd edib ki, həmin hissədə geofiziki tədqiqatlar başa çatdırılsa da, qazma işləri davam etdiriləcək. Onun sözlərinə görə, gələn həftənin sonuna kimi bütün işlər başa çatdırılacaq: “Tədqiqat işləri başa çatdırılaraq ümumi hesabat hazırlanacaq. ETSN və FHN mütəxəssislərinin birgə iştirakı ilə yekun hesabat hazırlanıb “Azərinşaat” Layihə İnstitutuna təqdim olunacaq. Yamac üçün aparılan ilkin tədqiqat işlərinin nəticələri artıq göndərilib. Bunun əsasında ilkin hesabat hazırlanıb. Buna əsasən görülən işləri dəyərləndirmək mümkün olar ki, işlər sürətləndirilsin. Bütün işlərin hamısı tam yekunlaşandan sonra hesabat 15 gün müddətinə təqdim veriləcək”.
ETSN-in mütəxəssisi vurğulayıb ki, tədqiqatlar zamanı sürüşmənin müstəvisinin dərində olmadığı müəyyənləşib: “Sürüşmə qalxanvarı müstəvi ilə hərəkət edir. Bu belə olduğuna görə də kütlə yola kimi sürüşüb gələ bilməyib. Tədqiqatlar tam təsdiq etdi ki, sürüşmənin səbəbi yamacdakı evlərdən axıdılan tullantı sularıdır. Hazırda ərazidə sürüşmə təhlükəsi yoxdur. Ərazidə “BakıElektrikTikinti” tərəfindən planlaşdırma işləri də aparılıb. Elə bir ciddi təhlükə görünmür və sürüşmə zonasında vəziyyət nisbi stabildir”.