İyulun 29-da Bakı şəhərinin Xəzər rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 20 radələrində Binə qəsəbəsində, Südçülük savxozuna gedən yolda “Mercedes 190” markalı avtomobil 1978-ci il təvəllüdlü Zeynalov Məcnun İbrahim oğlunu vurub. 35 yaşlı kişi xəstəxanaya aparılarkən keçinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, qəzadan bir neçə dəqiqə əvvəl M.Zeynalov tanışı 1991-ci il təvəllüdlü Rövşən Hüseynovla zarafatlaşıb. O tanışına məxsus “VAZ 2106” markalı maşının arxasına keçib və R.Hüseynovdan avtomobili arxaya verməsini istəyib. M.Zeynalov tanışına sübut etmək istəyirmiş ki, onun maşınına güc gələ biləcək və avtomobil nə qədər qaz versə də, maşının hərəkət etməsinə imkan verməyəcək. beləliklə də R.Hüseynov öz avtomobilini arxaya doğru hərəkət etdirməyə başlayıb və qazı basıb. M.Zeynalov avtomobilin gücü qarşısında tab gətirə bilməyib və arxaya gedərək savxoza gedən yola yıxılıb. Elə bu andaca onu “Mercedes” vurub.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.