İyunun 26-da hərbi paradla əlaqədar hüquq-mühafizə orqanları Bakıda geniş təhlükəsizlik tədbirləri təşkil ediblər. Lent.az-ın məlumatına görə, tədbirlər çərçivəsində şəhərin mərkəzi hissələrində, əsasən Milli Park ərazisindəki skamyalarda gecələmiş şəxslər də ərazidən uzaqlaşdırılıb. Əksəriyyəti “bomj” olan “saxlanılanlar” arasında bir nəfər xüsusi ilə diqqəti çəkib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Milli Parkda gecələyən şəxslərdən biri Türkiyə vətəndaşı Perktaş Ferzai Ali oğlu olub. Məlum olub ki, Türkiyə vətəndaşı viza müddəti başa çatdığı üçün xeyli müddətdir ki, Azərbaycanı tərk edə bilmir. Bu səbəbdən də pulu tükənən F.Perktaş küçələrdə, parklarda gecələməyə başlayıb.
F.Perktaş əvvəlcə 39-cu Polis Bölməsinə gətirilib və burada onun şəxsiyyəti müəyyənləşdirilib. Daha sonra o, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verilib.
Hazırda F.Perktaşın sənədlərinin qaydaya salınması istiqamətində iş aparılır.