Bakıda sürücü keçiddən keçən piyadalara hücum çəkdi
20 noyabr 2013 16:12 (UTC +04:00)

Bakıda sürücü keçiddən keçən piyadalara hücum çəkdi

Lent.az son iki həftə ərzində Bakıda baş vermiş yol qəzalarının növbəti görüntülərini təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» İdarəsinin kameraları vasitəsilə qeydə alınan bu görüntüləri sadəcə bir qəza olayı kimi izləyib üstündən keçməyin. Baxıb nəticə çıxarmaq lazımdır. Diqqətlə baxdıqda bir şey məlum olur ki, qəzaların əksəriyyəti sürücülərin təcrübəsizliyindən, qeyri-peşəkar idarəetmədən, sürət həddini aşmasından, yol nişanlarına əməl etməməsindən və ümumiyyətlə, yol hərəkəti iştirakçılarının yollarda öz həyatlarını açıq-aşkar təhlükəyə atmasından baş verir.

 

Məsələn, «20 yanvar» dairəsində birinci yol qəzasında çox sadə bir məntiq var. Düzünü hərəkət edən avtomaşın soldan gələn nəqliyyat vasitəsinə yol verməli idi. Lakin sürəti azaltmadan düz onun üstünə sürdü. Hansı ki, dairəvi yolda yol dairədə olan avtomaşınındır.

 

İkinci yol qəzasında isə bir neçə avtomaşının arasından keçib getmək istəyən sürücünün tələskənliyi qəzaya səbəb olur. Əslində isə orada svetoforun qırmızı işığı yanmışdısa belə həmin avtomaşın digərlərinin hərəkəti başa çatdırmasına imkan verməli idi. Digər tərəfdən, yolda hərəkəti nizamlayan yol polisinin isə hərəkətsizliyi başa düşülən deyil. Çünki o, yolda tıxac olduğunu görə-görə baş verənləri sakitcə seyr edir. Sürücülər isə bir-birinə anlayış göstərmədikləri üçün qəzaya düşürlər.

 

Növbəti yol qəzasında avtoxuliqanların yüksək sürətlə hərəkət etməsi, daha doğrusu, bir-biri ilə yarışa çıxması açıq-aydın görünür. Ağ rəngli «Mercedes» soldan ötmə əməliyyatı aparmaq istəsə də qəflətən sola dönən digər avtomaşın ona əngəl olur və nəticədə qəzadan yayınmaq istəyən sürücü daha ağır qəzaya düçar olur. Göründüyü kimi, bu qəza yüngül də ötüşə bilərdi. Amma sürət həddi öz işini gördü. Nəticədə 4 avtomobil əzildi, bir neçə nəfər isə yaralandı. Elə maşının qapısını açıb özünü huşsuz halda yerə atan sərnişinə baxmaq kifayət edər.

 

Növbəti yol qəzası da elə həmin ünvanda baş verir. Düzünə hərəkət edən «Opel»in yoluna çıxan «Tofaş» qəzanın baş verməsinə səbəb olur. Əslində, o, qarşıdan yolun əksi ilə hərəkət edən «Opel»i gözləməli idi. Lakin qəflətən yola çıxmaqla yanaşı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısında təhlükəli manevr edərək sola dönməyə çalışması ağır qəzaya səbəb oldu. Əslində, səbəb məlumdur. Svetoforun yaşıl işığı yanıb-sönməyə başladığı üçün sürücü tələskənlik edib qabağa düşmək istəyirdi. Amma əksi oldu…

 

«Hyundai Santafe» ilə toqquşan taksinin də vəziyyəti elə yuxarıda qeyd etdiyimiz qəzaya bənzəyir. Həmin taksi nizamlanmayan bu yolda sağdan hərəkət nəqliyyat vasitəsinə yol verməli olduğu halda onun yoluna çıxır və nəticəsi də göz qabağındadır… Qara «Cip» isə gözlənilmədən idarəetməni itirərək səkiyə çıxır və yenidən yola qayıdır. Xoşbəxtlikdən o başqa maşınlarla toqquşmur və aşmır.

 

Digər yol qəzasında piyadanın həyatı bir göz qırpımında həll olundu. Ağ rəngli «VAZ-2107» markalı avtomaşının soldan ötmə əməliyyatı aparmasını, əslində normal qəbul etmək olar. Bu əməliyyatın yolun daraldığı və yola piyadanın yaxınlaşdığı bir yerdə aparılmasına çalışması həmin sürücünün naşı olduğunu göstərir. Üstəlik, o, «Mercedes»ə sürtünüb onun qabaq «bufer»in qoparsa da, hadisə yerindən qaçır.

 

Sonuncu qəza görüntüsü ilə demək olar ki, tez-tez rast gəlinən bir mənzərədir. Artıq piyadalar başqa yerlərdə yox, məhz piyada keçidlərinin üstündə vurulur. Bu da əyani bir sübut. Göründüyü kimi, «07» zebranı keçmək istəyən piyadalara yol vermək üçün dayansa da, arxadan sürətlə hərəkət edən avtomobil sürəti azalda bilmir və qarşıdakı maşına çırpılır. Sürücünün bu qədər təcrübəsizliyi, piyada keçidinə yaxınlaşdığı halda sürət həddini aşağı salmaması, qəza anında sükanı bir balaca sola çəkib qəzadan qurtula bilməməsi gülünc bir mənzərədir. Keçidi keçməkdə olan piyadaların çevikliyi onları bu qəzadan sağ çıxardı. Onların günahkar sürücüyə iradları da maraqlıdır. Hər halda, belə təcrübəsiz sürücülərin çox olduğu cəmiyyətdə sağ qalmaq üçün sadəcə, sözün hər iki mənasında gözüaçıq olmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5905

Oxşar yazılar