Bakı şəhərinin Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 11-də saat 19.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində, qəsəbə sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Telman Soltanov qısqanclıq zəminində həmyerlisi, 33 yaşlı Ramil Əliyevə bıçaqla xəsarət yetirib. Bu zaman R.Əliyev T.Soltanovun əlindən aldığı bıçaqla onu qətlə yetirib. Xəsarət almış R.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisə T.Soltanovun bacısının qızına görə baş verib. Belə ki, R.Əliyev dekabrın 31-də sərxoş vəziyyətdə T.Soltanovun bacısı qızına söz atıb. Bu zaman qızla 33 yaşlı oğlan arasında mübahisə də yaşanıb. Daha sonra məsələdən xəbər tutan qızın dayısı bıçaq götürərək R.Əliyevin evinə gəlib. O, R.Əliyevi çağıraraq, yuxudan oyadıb və söhbət eləmək istədiyini deyib. Daha sonra isə tərəflər arasında münaqişə yaranıb. Münaqişə zamanı T.Soltanov həmkəndlisini bıçaqlayıb. Lakin R.Əliyev özünü itirməyib və bıçağı onun əlindən yerə salıb. Dava daha da şiddətlənib və R.Əliyev yerdəki bıçağı götürərək 40 yaşlı kişinin döş qəfəsinə zərbələr endirib. T.Soltanov çox keçmədən ölüb.
Faktla əlaqədar cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.