Bu gün saat 01 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində 3 nəfərin bıçaqlanması ilə nəticələnən qanlı olay baş verib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində E.Məmmədov küçəsindəki məscidin qarşısında 1973-cü il təvəllüdlü Ovçuyev Rauf Telman oğlu 3 nəfəri bıçaqlayıb. Məlumata görə, R.Ovçuyev tanışı ilə ərazidəki kafelərdən birində yeyib-içib. Daha sonra kafenin müştərisi ofisiantı çağırıb və hesabı deməsini xahiş edib. Ofisiant, 1988-ci il təvəllüdlü Sadıqov Aslan Tariyel oğlunun hesabı gec gətirməsindən əsəbiləşən R.Ovçuyev səs-küy salıb və 25 yaşlı oğlanın üstünə qışqırıb. Onlar məsələni həll etmək üçün kafedən bayıra çıxıblar. Elə bu zaman 39 yaşlı R.Ovçuyev gənc oğlanı bıçaqlayıb. Səs-küyə ofisiantın atası, həm də kafenin sahibi olan Tariyel Sadıqov gəlib və o oğlunu müdafiə etməyə çalışıb. Sərxoş müştəri bu dəfə onu bıçaqlayıb. R.Ovçuyev əraziyə polislərin gəldiyini gördükdə isə qaçıb. Dərhal xidmətdə olan post patrul xidmətinin əməkdaşları onu təqib etməyə çalışıb. Sərxoş vəziyyətdə olan R.Ovçuyev qaçıb və tinlərin birinə girib. Ata və oğlunu bıçaqlamış şəxs burada onu saxlamağa çalışan polis serjantı 1977-ci il təvəllüdlü Qasımov Şamil Yanvar oğlunu bıçaqlayıb. O bıçağı 36 yaşlı polisin qasıq nahiyəsinə soxub. Hadisə yerinə gələn digər polis serjantı isə təpiklə R.Ovçuyevi vuraraq zərərsizləşdirib.
Yaralılardan polis serjantının vəziyyətinin ağır, digərlərinin isə orta-ağır olduğu bildirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.