Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Bakı şəhır sakinləri 1993-cü il təvəllüdlü Rafiq Səfərov və 1988-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasinin qərarı ilə Rafiq Səfərova 11 il 6 ay, Vüsal Hacıyevə isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, soyğunçuluq hadisəsi 2013- cü il fevralın 17-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 24/14 ünvanında yaşayan Pərvanə Quliyeva evdən çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. 35 yaşlı P.Quliyeva mənzildən çıxarkən 2 nəfər gənc oğlan ona hücum edib və ağzını tutaraq evə salıb. Qadının çığır-bağır saldığını görən şəxslər əməllərini yarımçıq qoyaraq qaçıblar.
Ararılmış araşdırmalardan sonra quldurluq hadisəsində şübhəli bilinən 1993-cü il təvəllüdlü Rafiq Səfərov və 1988-ci il təvəllüdlü Vüsal Hacıyev müəyyən edilərək saxlanılıb. Məlum olub ki, onlar talan məqsədi ilə qadına hücum ediblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə cinayət işi açılıb.