Bakıda piyadaları vurub qaçan avtomaşınlar kameraya yaxalandılar – DƏHŞƏTLİ
22 oktyabr 2013 13:31 (UTC +04:00)

Bakıda piyadaları vurub qaçan avtomaşınlar kameraya yaxalandılar – DƏHŞƏTLİ

Lent.az-ın bu dəfə oxuculara təqdim etdiyi yol qəzaları müxtəlif vaxtlarda Bakıda piyadaların vurulması səhnələrini əks etdirir. Qəzalardan ikisində sürücülər piyadaları vurduqdan sonra hadisə yerindən qaçırlar. Lakin artıq onların hər ikisi yaxalanaraq məsuliyyətə cəlb olunublar. Digər yol qəzalarında sürücülər avtomaşını saxlayıb, vurduqları piyadaya yardım göstərirlər.

 

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kamera sistemləri vasitəsilə qeydə alınan bu qəzalara diqqət etdikdə bir daha aydın olur ki, piyadalar yol hərəkətində olduqca məsuliyyətsiz davranırlar. Məsələn, bir yaşlı xanım sağa-sola baxmadan yolun hərəkət hissəsinə çıxır, qarşı tərəfdəki avtobusa minməyə tələsir. Nəticədə «Hundai Sonata» markalı avtomaşın onu vurur. Qadın ağır zərbəyə tuş gəlsə də, dərhal ayağa qalxır.

 

Başqa bir görüntüdə isə yanındakı qadınla birlikdə özünü yola atan orta yaşlı kişini qəflətən maşın vurur. Həmin vaxt hava yağıntılı olduğundan yolda görüntü məhduddur. Çox güman ki, sürücü də yola piyada çıxdığını görmür. Burada piyadanın özünün də günahı ondan ibarətdir ki, sağa-sola baxmadan yolu keçməyə, avtobusa minməyə tələsir. Lakin qəzaya uğrayır. Yanındakı qadın isə onun vurulub yerə yıxıldığını görüb uzaqlaşır.

 

Növbəti görüntüdə isə avtoxuliqanlıq edən «VAZ-2107» markalı avtomaşının sürücüsü digər iki avtomaşının arasından təhlükəli manevr edir və bu zaman yolu keçən qadın piyadanı vurur. Sonra isə hadisə yerindən qaçır.

 

Digər yol qəzası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında baş verir. Yolu keçən qadını ağ rəngli maşın vurur və hadisə yerindən qaçır.

 

Başqa bir görüntüdə yerdə dayanıb avtobus sürücüsü ilə söhbət edən qadın qəflətən geri dönərək yolun əks istiqamətinə keçir. Daha doğrusu, qaçır. Bu zaman yolun həmin istiqamətdə olan hissəsində hərəkət edən maşınlar dayanıb ona yol versə də, arxadan sürətlə hərəkət edən ağ rəngli maşın dayanıb gözləmir və yolun əks istiqamətinə çıxır. Elə bu vaxt da yolun ortasıyla qaçan qadını vurur.

 

Daha bir qəzada ağ rəngli avtomaşın yenə də qadın sürücünü vurub, yolun ortasına atır. Bu kadrlardan göründüyü kimi, sürücü maşını qaçırmağa çalışsa da, piyada da özünü itirib maşının hərəkət istiqamətinə çıxır və bədbəxt hadisə baş verir.

 

Avtobus dayanacağında baş verən digər qəzada isə əlbəttə, sürücünün məsuliyyətsizliyi dərhal görünür. Belə ki, iki avtobusun arasından keçmək istəyən maşın orada avtobusa minməyə çalışan piyadanı vurur.

 

Motosikletçi tərəfindən vurulan piyadanın günahı göz qabağındadır. Çünki həmin ərazidə yeraltı piyada keçidi ola-ola bu adam yolun üstü ilə hərəkət edir. Özü də heç nəyə məhəl qoymadan, sanki parkda gəzir…

 

Qara rəngli “QAZ-31”in vurduğu qadın piyada hər şeydən öncə bu yolda piyada keçidinin olmadığına fikir verməyib. Üstəlik, bu yol 5 zolaqlı yoldur və hərəkət sürəti də yüksəkdir. Belə olduqda, bu yoldan keçmək açıq-aşkar ölümə getməkdir. Göründüyü kimi, avtomaşının sürücüsü uzaqdan həmin qadını görür və əyləci basır. Asfalt üzərindəki əyləc izi bunu deməyə əsas verir. Bu anda piyada dayanıb avtomaşının keçib getməsini gözləyə bilərdi. Amma o, bunun əksinə olaraq, hərəkətini davam etdirir və qəzaya uğrayır. Sürücü dərhal avtomaşını saxlayıb, onu xəstəxanaya aparır.

 

Digər bir qəza yüksək sürətlə hərəkət edən “VAZ-2107” markalı avtomaşının sərt döngədə dönmə əməliyyatını həyata keçirə bilməməsinə aiddir. Burada sürücünün səhlənkarlığı açıq-aydın görünür. Avtomaşını çevrilir və iki qadını və bir uşağı vurub divara sıxır. Üstəlik, divar da onların üstünə uçur. Bu çox dəhşətli yol qəzası kimi yadda qalıb.

 

Qəzalardan da göründüyü kimi, avtomaşınlar tərəfindən vurulanların əksəriyyəti qadınlardır. Çünki qadınlar təhlükə zamanı çeviklik göstərib qəzadan yayına bilmirlər.

Qeyd edək ki, ümumilikdə bu ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 2157 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər həlak olub, 2303 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrüylə müqayisədə qəzaların, habelə ölən və yaralananların sayında artım var. Yol qəzalarının 755-i paytaxt Bakının payına düşür. Bakı şəhərində qeydə alınan qəzalarda 258 nəfər həlak olub, 773 nəfər isə yaralanıb. Həmişə olduğu kimi, yenə də yol qəzalarında əsas üstünlüyü piyadaların vurulması halları təşkil edir. Belə ki, 804 piyadavurma hadisəsində 284 piyada həlak olub, 592 nəfər isə yaralanıb. Piyadaların vurulması ilə bağlı olan qəzalar ümumi qəzaların 37,2 faizini təşkil edir.

 

Odur ki, bu görüntülərə baxan hər bir sürücü və piyada, ümumiyyətlə, yol hərəkəti iştirakçısı ciddi nəticə çıxarsa, pis olmaz…

 

Emin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5102

Oxşar yazılar