Bakıda çoxsaylı oğurluq əməlləri törətmiş qadınlar yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 20-də Binə qəsəbəsində yaşayan Cəvahir Mikayılovanın evindən qızıl əşyalar oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Gülnaz Mirzəyeva tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Aytac Cəfərliyə və Günel Cəfərovaya məxsus evlərdən də qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 17-də Firuzə Zərbəliyevanın evindən 500 manat, sənəd və geyim əşyaları oğurlamış Quba rayon sakini Nigar Əliyeva saxlanılıb.
Həbs edilən digər qadının isə daha əvvəl məhkum olunduğu üzə çıxıb. Belə ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 4-də Səriyyə Cavadovaya məxsus içərisində 190 manat, 50 avro və sənəd olan pul kisəsini oğurlamış Bakı şəhər sakini Viktoriya Kotlyar tutulub. Onun oxşar əmələ görə daha əvvəl də həbs edildiyi məlum olub.
Hər 3 qadının ətrafında əlavə araşdırmalar aparılır.