Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında 1963-cü il təvəllüdlü Koleçov Valeri Viktoroviçin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub.
Mənzilə baxış keçirilərkən V.Koleçov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:10-da başa çatıb.