Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkə vətəndaşlarına qarşı quldurluq edən 19 yaşlı Kamran Aslanov və 21 yaşlı Qabil Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, Kamran Aslanov və Qabil Cəfərov Cinayət Məcəlləsinin 101-ci (soyğunçuluq) və 181-ci (quldurluq) maddələri ilə ittiham edilirlər. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, Baş Cinayət Axtarış İdarəsi və Səbayel rayon 39-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərində xarici vətəndaşlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətmiş Bakı şəhər sakinləri - 19 yaşlı Kamran Aslanov və 21 yaşlı Qabil Cəfərov tutulublar.
Onlar 2014-cü il martın 13-də Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşı Robert Hugesə qarşı quldurluq cinayəti həyata keçiriblər. Onlar xarici vətəndaşı yerə yıxıblar və onun 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını, 2 ədəd mobil telefonunu zorla əlindən alıblar.
İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, təqsirləndirilən şəxslər şəxslər 2014-cü ili martın 8-də Andrey Sorokinə qarşı da quldurluq ediblər. Onlar gecə saatlarında A. Sorokini döyərək 500 manat pulunu, mobil telefonunu və digər qiymətli əşyalarını zorla əlindən alıblar.