Bu gün saat 15:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Nizami rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyi, Nəqliyyatda Baş Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş rayonda dəmir yolunun Böyük Şor stansiyasının ərazisinə baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.