Bakıda Beynəlxalq Su texnologiyaları sərgisi keçirilir
10 aprel 2014 15:47 (UTC +04:00)

Bakıda Beynəlxalq Su texnologiyaları sərgisi keçirilir

“Baku Expo” Mərkəzində II Xəzər Beynəlxalq Su texnologiyaları (CATEC 2014) sərgisi işə başlayıb. Lent.az-ın məlumatına görə, sərgi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilir.

 

Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi sərginin açılış mərasimində “Azərsu”nun sədri Qorxmaz Hüseynov çıxış edib. O, sərgi iştirakçılarını salamlayaraq növbəti dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirib. Səhmdar Cəmiyyətin sədri su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Q. Hüseynov layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini diqqətə çatdırıb. Səhmdar Cəmiyyətin sədri su texnologiyaları sahəsində belə bir tədbirin keçirilməsinin ölkəmizin su təchizatı sektorunun inkişafına fayda verdiyini bildirib.

 

Sərgi ilə tanışlıq zamanı “Azərsu” sədrinin diqqətinə çatdırılıb ki, CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Sərgidə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim olunur.


 

 

# 707
avatar

Oxşar yazılar