Bakıda Beynəlxalq Gömrük Təşkilatının seminarı keçirilir
15 oktyabr 2013 11:38 (UTC +04:00)

Bakıda Beynəlxalq Gömrük Təşkilatının seminarı keçirilir

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) təşkilatçılığı ilə ticarət strategiyasına nəzarət üzrə regional seminar başlayıb.

 

«APA-Economics»in məlumatına görə, seminarda rəhbər vəzifəli gömrük əməkdaşları üçün ticarət strategiyasına nəzarət, strateji malların anlayışı və əhəmiyyəti, dövlətin strateji ticarətinə beynəlxalq hüquqi çərçivə, ticarət strategiyasına nəzarətdə gömrüyün rolu mövzularında sessiyalar təşkil olunacaq.


Bundan başqa, Almaniyanın təqdimatı «Gömrük ixrac proseduru – risklərin – alman perspektivi», yayılmaya qarşı mübarizədə çətinliklər - alman Zollkriminalantın tapşırıqları və vasitələri, alman təhqiqat işi ilə bağlı təcrübələr dinləniləcək.


Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, üç gün davam edəcək seminarın əsas mövzusu ixrac gömrüyü məsələlərinin müzakirəsidir. O, Azərbaycan gömrük sisteminin son illər ərzində keçdiyi yol, inkişaf mərhələləri və əldə etdiyi uğurlar barədə seminar iştirakçılarına ətraflı məlumat verib.


ÜGT-nin Avropa Regional Ofisinin rəhbəri Vitali Mikeladze bildirib ki, ticarət strategiyasına nəzarət üzrə regional seminarın Azərbaycanda keçirilməsinin olduqca böyük əhəmiyyəti var.


Onun sözlərinə görə, seminarın keçirilməsində əsas məqsəd və hədəf ikili istifadə edilən əmtəə növlərinin daha yaxşı anlaşılmasından ibarətdir: «İkili istifadə edilən əmtəə növü dedikdə, bir məhsuldan həm partlayıcı maddə, kimyəvi silah, həm də mülki məqsədlərlə istifadə etmək mümkündür. Bu seminarda əsas məqsəd məhz belə əmtəə növlərinin müəyyən edilməsi ilə bağlı müvafiq səriştə və təcrübənin öyrənilməsidir. Səriştə və təcrübəyə gəldikdə, bunu Azərbaycana Ümumdünya Gömrük Təşkilatından olan nümayəndələr, həm də ABŞ-da təcrübə keçmiş təlimatçılar təmin edəcəklər. Bundan əlavə, seminarda elə iştirakçılar var ki, onlar da əldə etdikləri təcrübəni seminar iştirakçıları ilə bölüşəcəklər».


V.Mikeladze qeyd edib ki, seminarda 32 ölkədən 50 nümayəndə iştirak edir: «Bu, bilavasitə Avropa regionunda fəaliyyət göstərən gömrük orqanlarının ikili istifadə xarakteri daşıyan əmtəə növlərinin qeyri-qanuni dövriyyəsi ilə bağlı müvafiq bilik və təcrübənin əldə edilməsi istiqamətində unikal bir şans kimi yanaşmasının bariz nümunəsidir».

Seminarda çıxış edən ÜGT-nin eksperti Xose Hyuqo Herman isə bildirib ki, bu, artıq beynəlxalq təşkilatının keçirdiyi ikinci analoji tədbirdir. Onun sözlərinə görə, ilk belə tədbir iki ay öncə Hindistanda baş tutub və belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar