Daxili İşlər Nazirliyinin strukturlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.
Dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.