Bakının Nizami rayonu ərazisindəki avtomobil dayanacağında böyük faciənin qarşısı alınıb. Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, iyunun 27-də səhər saat 04:30 radələrində Nizami rayonu "Bakcell Arena" stadionun yanında, Naxçıvanski 8A yaşayış binasının qarşısındakı avtomobil dayanacağında "Toyota RAV4" markalı avtomobil qəflətən alışaraq yanmağa başlayıb.
Kiçik partlayışla müşayiət olunan yanğının dayanacaqdakı digər avtomobillərə keçməsi təhlükəsi yaranıb. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün yaşayış binasının sakinləri səfərbər olublar. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası və texnikası cəlb olunub.
Sakinlərin və yanğınsöndürənlərin birgə səyi nəticəsində yanğın saat 5:20 radələrində söndürülüb və onun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Fakt rəsmi olaraq FHN tərəfindən də təsdiq olunub.
Qeyd edək ki, bir neçə gün öncə Nizami rayonunda avtomobillərin cərimə meydançasında baş verən güclü yanğın nəticəsində 40-a yaxın müxtəlif markalı avtomobil yanmışdı.