Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan Bakı şəhər sakinləri Ramiz Əliyevdən 0,203, Sani Samyılovdan isə 0,225 qram heroin aşkar olunaraq götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, R.Əliyev fevralın 10-da 36 saylı xətt avtobusunda Gülüstan Quliyevanın cibindən 950 manat, martın 10-da Sarayevo küçəsində yerləşən mağazada Aidə Məhərrəmovanın əl çantasından içərisində 271 manat və bankomat kartı olan pul kisəsini götürərək qarət edib. Bundan başqa o, S.Samyılovla birlikdə ötən il noyabrın 10-da 51 saylı xətt avtobusunda Rəqsanə Əliyevanın cibindən mobil telefonunu, dekabrın 30-da 11 saylı xətt avtobusunda Afət Quliyevanın içərisində pul, şəxsiyyət vəsiqəsi, iki ədəd bankomat kartı olan pul kisəsini, dekabrın 7-də 44 saylı xətt avtobusunda Kəmalə Rüstəmovanın içərisində 500 manat və sənədlər olan pul kisəsini, bu il fevralın 26-da 51 saylı xətt avtobusunda Günel Mahmudovanın əl çantasından, içərisində 170 manat və sənədlər olan pul kisəsini, aprelin 8-də isə 11 saylı xətt avtobusunda Sevil Məmmədovaya məxsus pul kisəsini oğurlayıblar.
Araşdırmalar davam etdirilir.