Bakı Apelyasiya Məhkəməsində keçmiş həyat yoldaşını boğaraq öldürən 1979-cu il təvəllüdlü Emin Heydərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar açıqlanıb. Hakimlər kollegiyasının qərarına görə, Emin Heydərovun apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə keçən il Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində baş verib. Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadı, Zəngilan rayon sakini Şəhanə Nağıyevanı namaz qıldığı yerdə elektrik naqili ilə boğaraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Heydərov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Heydərov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.