Bakıda Hindistan vətəndaşını qətlə yetirən Pakistan vətəndaşı həbs edilib. Xətai Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 9-u Bakı şəhərinin Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrin xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçan Pakistan vətəndaşı, 1986-cı ildə bu ölkənin Lahor şəhərində anadan olmuş Ali Abid Ahmad Qanunsuz Miqrasiyaya qarşı İdarə, Xətai RPİ CAŞ və 37-ci Polis Bölməsinin birgə keçirdiyi əməliyyatla müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, hadisə baş verən gün yuxarıda qeyd edilən ünvana gələn B.X.Çadrinin qeyri rəsmi münasibətlərdə olduğu qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olublar. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində isə onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olunub.
Faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.