Bakıda mənzildən meyit tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1959-cu il təvəllüdlü Valeriy Georgiyeviç Salayev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən V.Salayev huşsuz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində V.Salayevin vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:18-də başa çatıb.