Dekabrın 28-də Bakıda 3 piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində 10 CS 179 nömrə nişanlı “VAZ 2106” markalı avtomobil 1946-cı il təvəllüdlü Cəfərova Cahan Məhərrəm qızını vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Sabunçu rayonu ərazisində baş vermiş digər hadisədə naməlum avtomobil 1952-ci il təvəllüdlü Qarçovkaya Lidiya Petrovnanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Qadın piyadanın ölümü ilə nəticələnən daha bir hadisə Binəqədi rayonunda qeydə alınıb. 9-cu mikrorayon ərazisində, Mir Cəlal küçəsində sərnişin avtobusu 20-25 yaşlı qadını vurub. O, hadisə yerində dünyasını dəyişib.