Bu gecə Bakının Nizami rayonunda törədilmiş qətllə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az musavat.com-a istinadən xəbər verir ki, Keşlə qəsəbəsində 37 yaşlı Xəlilov Vüsal Ələkbər oğlunun başı kəsilib. Hadisə əslən Gəncədən olan Vüsal Xəlilovun kirayədə yaşadığı evdə baş verib. Hadisə zamanı onun həyat yoldaşı və övladı da evdə olub. Amansız cinayət onların gözü önündə törədilib.
Vüsal Xəlilovun atası Ələkbər Xəlilov Gəncə Texnologiya Universitetində, anası isə Gəncədəki 44 saylı orta məktəbdə müəllimdir. Vüsalın özü ailəsi ilə Bakıya köçüb və "28 Mall" ticarət mərkəzində paltar ticarəti ilə məşğul olmağa başlayıb.
Vüsal Xəlilovun həyat yoldaşı əməliyyatçılara bildirib ki, kirayədə yaşadıqları evin ətrafında bir neçə gündür şübhəli adamlar görürmüş. Amma, qətlin hansı səbəbdən törədildiyi məlum deyil. Hadisə ilə bağlı başqa bir maraqlı məqam ondan ibarətdir ki, iki gün əvvəl Vüsal Xəlilovun bacısının həyat yoldaşına da hücum olub. Gəncədə valyutadəyişmə məntəqəsi sahibi olan 1971-ci il təvəlüdlü Kəmaləddin Əliyev işlədiyi obyektdən çıxaraq avtomobilinə əyləşmək istəyərkən iki nəfərin hücumuna məruz qalıb. Onlar Kəmaləddin Əliyevin başına zərbələr endiriblər və içərisində 25 min manat olan çantasını aparıblar.
Qohumlara qarşı iki cinayətin bir-biri ilə əlaqəsinin olub-olmadığı barədə hələlik heç bir məlumat yoxdur. Araşdırmalar davam etdirilir.
*****
01:44
Bakının Nizami rayonu ərazisində qətl hadisə törədilib. APA-nın məlumatına görə, hadisə Keşlə qəsəbəsində törədilib.
Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Xəlilov Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.
Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.