Bakı şəhər Prokurorluğu 2 ay əvvəl törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, məlumatda bildirilir ki, Nərimanov rayon prokurorluğu və rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2013-cü il tarixdə qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. İyunun 20-də üzərində kəsici-deşici xəsarətlərlə naməlum kişi meyitinin aşkar olunması faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat-istintaq hərəkətləri nəticəsində naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilərək onun 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nağıyev Rasim Tağı oğlu olması müəyyən edilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Ələsgərov Zöhrab Məhəmməd oğlu avqustun 27-də tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.