İsveçrədə avtomobil qəzasında ölən azərbaycanlı gənc barədə yeni məlumatlar məlum olub.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, dünən qəzada ölən 23 yaşlı Azər Yaqubov "AzAL" QSC-nin Moskvadakı nümayəndəliyinin keçmiş rəhbəri Mahir Yaqubovun oğludur.
Avtomobil qəzası dünən İsveçrənin Tiçino kantonunda baş verib. Azər Yaqubovun idarə etdiyi "BMW X6" markalı avtomobili Luqano gölünə düşüb. Nəticədə sürücü və yanındakı xanım sərnişin ölüb.
Rusiya mətbuatı Azər Yaqubovun sərnişinin rusiyalı iş adamı Platon Lebedevin nəvəsi, Azər Yaqubovun isə Rusiya Nazirlər Kabinetinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin bacısı oğlu olduğunu yazıb.
Azər Yaqubovun İsveçrədə təhsil aldığı bildirilir.
14:38
İsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı qızı azərbaycanlı ilə birgə ağır yol qəzasında həlak olub.
Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, yüksək sürətlə hərəkət etdiyi ehtimal edilən BMW markalı avtomobil körpüdən gölə aşıb. Qəzada ölən sürücü isə Diananın dostu olaraq təqdim edilən azərbaycanlı 23 yaşlı Azər Yaqubov olub. Şahidlər olmadığı üçün batan avtomobili tapmaq üçün bir neçə saat vaxt sərf edilib.
Rusiya mətbuatı A.Yaqubovun Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlınskinin yaxın qohumu olduğunu yazır. Qeyd edilir ki, S.Şıxlinski bu yaxınlarda “Vətənə xidmət” ordeni ilə təltif edilib.
Qəzada həlak olan sürücü Yaqubovun İsveçrədə Amerika məktəbində magistr təhsili aldığı qeyd edilir.
Hazırda meyitin təsdiqlənməsi üçün Yaqubovun qohumları İsveçrədədirlər.
A.Yaqubovun atası isə açıqlama verərək oğlu ilə sonuncu dəfə ölümündən bir gün əvvəl danışdığını deyib. Atasının sözlərinə görə, oğlu heç vaxt spirtli içkidən istifadə etməyib.