Rusiya polisi Çelyabinskin kriminal aləminə nəzarət edən avtoritet İlham Osmanovun tutulması üzrə xüsusi əməliyyat keçirib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, “vor” aləminin nümayəndəsindən 11 milyon rubl (185 000 AZN) pul “qəsb” ittihamı ilə götürülüb.
Xəbərə əsasən, kriminal aləmdə sadəcə İlham adlandırılan avtoritetin üzərindən səsboğucu ilə birgə tapança tapılıb. Buna görə onun barəsində qanunsuz silah gəzdirmə ittihamı ilə də cinayət işi qaldırılacaq.
Hazırda İlham Osmanov müvəqqəti saxlama təcridxanasındadır. İstintaq ona qarşı həbs-qətimkan tədbiri üçün lazım olan sənədləri hazırlayır.
Qeyd edək ki, 36 yaşlı azərbaycanlı İlham Osmanov Çelyabinskdə qeydiyyatdadır. O əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. Sverdlovskda kriminal avtoritetlərin regionlararası “sxodka”ları zamanı dəfələrlə ələ keçirilib.
Sverdlovsk hakimiyyəti belə əməliyyatları tez-tez keçirir və bu, bir növ profilaktiki xarakter daşıyır. Belə ki, “sxodka” iştirakçılarını cinayət məsuliyyətinə cəlb etmək üçün ən ağır dəlil qanunsuz silah gəzdirməkdir ki, bu da Rusiya qanunvericiliyində elə ciddi xarakter daşımır.