Azərbaycanlı çapar Camal Rəhimov beynəlxalq arenada uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Rəhimov Fransanın Lion şəhərində keçirilən konkur üzrə Dünya Kubokunun finalına çıxıb. Dünya Kubokunun finalında il ərzində müxtəlif turnirlərdə xal toplayaraq kvalifikasiyanı keçə bilən çaparlar iştirak edirlər.
Camal Rəhimov son dərəcə güclü və uğurlu çaparlarla mübarizə aparır. Onların arasında şəxsi konkurda Olimpiya çempionu, isveçrəli Stiv Qerda, Fransanı təmsil edən Avropa çempionu Kevin Staut, dünya reytinqinin lideri, ingiltərəli Skott Braş və digərləri var. Ümumilikdə isə yarışda dünyanın 20 ölkəsindən 41 idmançı çıxış edir. Ən çox idmançını ABŞ (11), Almaniya (5) və Fransa (3) göndərib.
“Warrior” ləqəbli atı ilə çıxış edən Camal Rəhimov Dünya Kubokunun ilk günündə məsafəni itkisiz keçib. İkinci gün isə bir maneəni yıxan çaparımız, kiçik uğursuzluğa baxmayaraq final hissəsində çıxış etmək hüququ qazanan 30 idmançı sırasına daxil ola bilib. Camalın çıxışı mütəxəssislər tərəfindən qeyd olunub və onlar Azərbaycan təmsilçisinin ən gənc iştirakçı olduğunu bildiriblər. Dünya Kubokunun aparıcısı idmançıları təqdim edən zaman Azərbaycan təmsilçinin debüt etdiyini vurğulamağı unutmayıb.
Dünya Kubokunun final hissəsi sabah keçiriləcək. Rəhimov hazırda 24-cü yerdədir. Onu da qeyd edək ki, final mərhələsinə keçmiş SSRİ-dən cəmi 2 idmançı vəsiqə qazanıb. Bunlar Azərbaycan və Latviya təmsilçiləridir.