Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yaradılmış snayper tüfənglərinin testləri başa çatıb.
Bu barədə APA-ya ötən həftə Malayziyada keçirilmiş DSA-2014 sərgisində iştirak edən MSN stendindən məlumat verilib.
Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun sözlərinə görə, artıq «İstiqlal» snayper tüfəngi ailəsindən Milli Qəhrəman Mübariz İbrahimovun adı verilmiş 12.7 mm çaplı «Mübariz» snayper tüfənginin atış testləri yekunlaşıb. Eyni zamanda 14.5 mm çaplı «İstiqlal-T» tüfənginin üzərində təkmilləşmələr aparılır. Təkmilləşmələr zamanı «İstiqlal-T» versiyasında silahın çəkisi 5 kq-dək azaldılıb. MSN mühəndisləri tərəfindən hazırlanmış 7.62x51 mm çaplı «Yalquzaq» snayper tüfəngində də testlərin son mərhələsinə gəlinib.
«Testlərin nəticələri nəzərə alınmaqla, silahlar daha da təkmilləşdirilib və yüksək nəticələr əldə olunub. Hazırda «Mübariz» tüfənginin daha müasir optik nişangahla komplektləşdirilməsi məsələsinə baxılır», - deyə A. Məmmədov vurğulayıb.
APA-nın Azərbaycan MSN nümayəndələrindən aldığı məlumata görə, hazırda bir neçə ölkədən «İstiqlal» snayper tüfənglərinin alınmasına dair müraciətlər var.
Qeyd edək ki, «İstiqlal» snayper tüfəngi antimaterial snayper tüfəngləri sinfinə aiddir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu silah cəbhə xəttində Ermənistan Ordusuna qarşı istifadə olunur. Tüfəng həm düzənlik və isti, həm də dağlıq ərazilərdə, soyuq hava şərtlərində real döyüşdə tətbiq olunaraq özünü doğruldub.