Azərbaycanda inşa olunan ilk tankerin istifadəyə veriləcək tarix açıqlandı
Azərbaycanda inşa olunan ilk tanker – “Laçın” – istifadəyə verilməsi bu ilin payızına planlaşdırılıb. Tankerin inşası Bakı Gəmiqayırma Zavodu tərəfindən aparılır. Bunu “APA-Economics”ə zavoddakı etibarlı mənbə deyib.
Məlumata görə, hazırda tankerin tikintisi prosesi zavodun yanalma körpüsündə davam etdirilir
“Tankerin tam istifadəyə verilməsi bu ilin sentyabrına nəzərdə tutulub”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, “Laçın” neftdaşıyan tankerinin gövdəsinin tikintisi 100% tamamlanıb. Qalan tikinti və quraşdırma işlərinin davam etdirilməsi üçün isə tanker bu ilin fevralında suya salınıb.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1 200 kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9212 kubmetr olan altı yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.
Xatırladaq ki, bu ilin fevralında ASCO ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.
548