“Bu gün Bakı vaxtı ilə saat 23.30-da İstanbul Atatürk Hava Limanından Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Bizim sərnişinlər tamamilə qeydiyyatdan keçiblər. Bunun ardınca isə partlayış baş verib”.
Bunu APA-ya açıqlamasında AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Onun bildirdiyinə görə, partlayış AZAL-ın sərnişinlərinin olduğu yerdən xeyli kənarda baş verib: “Bizim sərnişinlərdən ölən və ya xəsarət alan yoxdur”.
P. Kəsəmənski deyib ki, partlayış səbəbindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL təyyarəsi də havaya qalxa bilməyib.
“AZAL-ın İstanbuldakı əməkdaşları sərnişinlərə lazım olan dəstəyi verir” deyən P. Kəsəmənski onu da qeyd edib ki, eyni vaxtda Türk Hava Yollarının Bakı- İstanbul aviareysi də hadisə səbəbindən yerinə yetirilməyib.